İlham Əliyev Bakıda yeni salınan “Zəfər” parkının açılışında iştirak edib
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonu ərazisində 8 Noyabr prospektində inşa olunan “Zəfər” parkının açılışında iştirak edib.
“PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev parkda yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində parlaq qələbəsinin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və “Zəfər” Muzeyinin yaradılması tapşırılmışdı.
Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və “Zəfər” Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Ərazisi doqquz hektardan çox olan parkın tikintisi nəzərdə tutulan vaxtda uğurla yekunlaşıb.
“Zəfər” parkının girişində Qələbəyə aparan yolun simvolu olan Zəfər tağı inşa edilib. Bu konstruksiya 44 sütundan ibarətdir, ən hündür sütun 44 metrdir. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini təcəssüm edən yaşıllıq salınıb.
Park ərazisində həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası həyata keçirilib.
“Zəfər” parkı Azərbaycan xalqının əzmini, uca qəhrəmanlığını təcəssüm edən, Vətən müharibəsinin iştirakçılarına dərin hörmət və ehtiram hissini aşılayan unikal bir abidədir. Bu parkda ziyarətçilər tariximizin şanlı səhifəsini bir daha xatırlaya, şəhidlərimizin əziz xatirəsini yad edə biləcəklər.