PMD Projects tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfransda iştirak edib
![](https://pmdprojects.az/file/1363/main-news-image.jpg)
Yanvarın 14-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə “Hilton Baku” otelində tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfrans keçirilib.
Konfransın əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsindən ibarət olub. Peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması müzakirə edilən mövzular arasında yer alıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun açılış nitqi ilə başlayan konfransın ilk panel müzakirəsində “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev inşaat sahəsində ixtisaslaşdırılmış kadrların yetişdirilməsi üçün təhsil müəssisələrinin, sektorda çalışan peşəkarların və tikinti şirkətlərinin birgə əməkdaşlığının vacibliyini vurğulayıb.
Bu panel müzakirələrində həmçinin "Huner Group" MMC-nin təsisçisi Ehtiram Quliyev, “ArchiCO” MMC-nin direktoru Cavad Musayev, “MİDA” MMC-nin direktor müşaviri Azər Salmanov müzakirələrin moderatoru, BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə meneceri Samir Məmmədovun ünvanladığı sualları cavablandırıblar.