Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Qeyd edək ki, bu məscidin təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək.
Məscidin iki minarəsi isə 11 rəqəmini əks etdirəcək. Bu, Şuşanın və Qarabağın işğaldan on birinci ayda azad edilməsinin rəmzidir. Minarələrin hündürlüyü 72 metr olacaq. Şuşanın yuxarı hissəsində inşa edilən məscid həm də şəhərin ən uca yerində olacaq.
Məscidin layihələndirilməsini azərbaycanlı və italiyalı memarlar birgə həyata keçiriblər. Bu ibadət ocağının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.
Hazırda ərazidə dəmir beton, metal konstruksiya və elektrik işləri davam etdirilir.