PMD Projects Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən Urban Sərgisində iştirak edib
PMD Projects BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və dayanıqlı şəhərsalma sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13 – WUF13) çərçivəsində keçirilən Urban Sərgisində iştirak edib.
Tədbir müddətində PMD Projects, Design Bureau və Facility Management Group (FMG) şirkətlərinin təmsil olunduğu PMD Group stendi müxtəlif ölkələrdən olan ziyarətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini, şəhərsalma üzrə mütəxəssisləri, memarları, investorları və digər sahə nümayəndələrini qəbul edib.
İştirak çərçivəsində PMD Projects-in dayanıqlı şəhərsalma yanaşması təqdim olunub, həmçinin Azərbaycanda şəhərlərin transformasiyasına töhfə verən layihələr nümayiş etdirilib. Sərgi boyunca ziyarətçilərə şirkətin yenidənqurma, restavrasiya, insanyönümlü və dayanıqlı layihələr üzrə tikinti və layihələrin idarəedilməsi sahəsindəki təcrübəsi haqqında məlumat verilib.
Həftə ərzində PMD Projects tərəfindən stenddə iki təqdimat sessiyası da təşkil olunub. Şirkətin Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri Elgün Səfiyarov “Azərbaycanda urbanizasiyanın formalaşmasında SƏTƏM-in rolu” mövzusunda çıxış edərək müasir şəhərsalmada keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit standartlarının əhəmiyyətindən bəhs edib. Digər sessiya “Ağıllı şəhərlərə ağıllı layihə idarəetməsi lazımdır” mövzusunda isə Planlaşdırma və Monitorinq şöbəsinin müdiri Elxan Həsənov və Layihələrin İdarəedilməsi və Monitorinqi üzrə mütəxəssis Ariza Məmmədova çıxış ediblər. Hər iki sessiya stendi ziyarət edən xarici qonaqlar və beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Urban Sərgisi həmçinin beynəlxalq iştirakçılarla yeni peşəkar əlaqələrin qurulması, təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.





