loading

H.Z.Tağıyev küçəsindəki tarixi binada aparılan
bərpa və reabilitasiya işləri haqqında…


Məlum olduğu kimi, son günlər mətbuatda H.Z.Tağıyev küçəsi, 12 ünvanında yerləşən, XIX əsrin sonları – XX əsrin əvvəllərində tikilmiş binanın sökülərək yerində yeni binanın tikintisinin planlaşdırılması ilə bağlı, əslində isə məsələni tam təfərrüatı ilə əks etdirməyən bəzi yanlış xəbərlər yer almışdır. Haqlı olaraq, daim tarixi abidələrin qorunmasına diqqətlə yanaşan Azərbaycan Memarlar İttifaqı bu məsələyə ciddi etirazını bildirmişdir.

Bu yerdə, haqqında danışdığımız yanlış anlaşma ilə bağlı bəzi mühüm məqamları cəmiyyətimizin və onun təəssübkeş üzvlərinin diqqətinə çatdırmağı vacib hesab edirik. Bildiyiniz kimi, sözügedən tarixi bina keçən əsrin əvvəllərində tikilmiş və illərdir müxtəlif məqsədlərlə istismar olunaraq öz dayanıqlılığını və mühəndis-texniki qurğularının möhkəmliyini itirmişdir, xüsusilə binanın yükdaşıyan konstruksiyalarında, konstruktiv elementlərində ciddi zədələnmələr yaranmış və binanın müəyyən sahələri qəzalı vəziyyətə düşmüşdür. Həmçinin, müxtəlif dövrlərdə binaya əlavə tikililər birləşdirilmiş və tarixi görkəmi dəyişdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, binanın texniki müayinəsini aparmaq məqsədilə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət olunmuş və müvafiq mühəndisi-müayinə işi aparılmışdır. Məlum olmuşdur ki, sözügedən binanın mərtəbəarası örtük konstruksiyaları, döşəmələri, arakəsmələri və s.-nin konstruktiv hesabatı hazırda müəyyən olunmuş tələblərə uyğun deyil və mütləq şəkildə bərpaya ehtiyac var. Həmin müayinə rəyində binanın tarixi görkəminin və perimetr boyu bütün xarici divarlarının binanın ilkin layihəsində olduğu kimi tam qorunaraq saxlanılması şərtilə bərpasının mümkünlüyü bildirilmişdir.

Hazırda isə ilkin layihədə öz əksini tapmayan, tarixi əhəmiyyət daşımayan və mövcud olduğu müxtəlif dövrlərdə binaya artırılan əlavə tikililərin söküntüsü işləri icra olunmaqdadır. Yeri gəlmişkən vurğulanmalıdır ki, bu söküntü işləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılmışdır və binanın tarixi görkəmini özünə qaytarmaq məqsədilə xarici divarlarına heç bir xələl gətirilmədən həyata keçirilir. Biz tam əminik ki, tarixi binanın reabilitasiyası layihəsi tam həyata keçirildikdən sonra müasirləşən Bakının tarixi mərkəzində yerləşən bu mədəniyyət abidəsi həm şəhərimizin sakinləri, həm də qonaqları üçün maraqlı yerə çevriləcək və bina yeni həyat qazanacaq.

Xatırlatmaq istərdik ki, Bakıda tarixi mədəniyyət abidələrinin və köhnə binaların bərpası və reabilitasiyası ilə əlaqədar təcrübə artıq çoxdan mövcuddur. Belə ki, son illərdə şəhərimizin mərkəzi hissələrində yerləşən bəzi binaların bərpası həmin binalara ikinci həyat verməklə yanaşı, həm də şəhərin ən gəzməli və görməli yerlərinə çevrilmişdirlər. Buna son nümunə kimi Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən “Travmatologiya binası” kimi tanınan tarixi binanın bərpa reabilitasiyadan sonra açılışını və gənclərdə təhsilə, mütaliəyə olan marağı təşviq edən bir mədəniyyət nümunəsinin cəmiyyətimizə təqdimatını qeyd etmək yerinə düşərdi.

Əminliklə qeyd etmək istərdik ki, öz növbəmizdə zəngin tariximizin qorunmasına, onun gələcək nəsillərə düzgün ötürülməsinə xüsusi həssaslıqla yanaşaraq biz də Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən tarixi binanın bərpası işlərini yüksək professionallıqla icra edərək cəmiyyətimizə təqdim edəcəyik.